Mingəçevir Dövlət Universitetinin Elmi-Metodik Şurası haqqında
ƏSASNAMƏ

(Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 28 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.)

1. Ümumi müddəalar

1.1. Elmi-Metodik Şura (bundan sonra EMŞ) Mingəçevir Dövlət Universitetinin (bundan sonra – MDU) məşvərətçi ictimai qurumudur.

1.2. EMŞ-ni əsas məqsədi MDU-da elmi-metodik işin mühüm məsələlərini nəzərdən keçirmək,  təlim və tərbiyə prosesinin təkmilləşdirilməsinə və elmi fəaliyyətin inkişafına dair təkliflər verməkdir.

1.3. EMŞ öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr, sərəncam, təlimat və göstərişlərini, normativ-hüquqi sənədləri, Mingəçevir Dövlət Universitetinin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.

1.4. EMŞ-nin Əsasnaməsi, strukturu və tərkibi rektor tərəfindən təsdiq edilir.

2. Elmi-Metodik Şuranın əsas vəzifələri və funksiyaları

2.1. MDU-da bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə tərtib edilən tədris planlarının və proqramlarının Dövlət Təhsil Proqramlarının tələblərinə uyğunluğuna nəzarət edir.

2.2. MDU-da elmi-metodik işin aparılmasına dair tövsiyələr verir.

2.3. MDU-da həyata keçirilən təhsil proqramlarının elmi-metodik təminatına nəzarət edir.

2.4. MDU-da bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığı aparılan ixtisasların tədris proqramlarında nəzərdə tutulan fənlər üzrə, eləcə də ixtisasların profilinə uyğun, əməkdaşlar tərəfindən hazırlanan elmi və tədris-metodiki vəsaitlərə (monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, metodik göstərişlər, metodik tövsiyələr və s.) nəşr hüququ (qrif) verilməsi məsələlərini müzakirə edib rəy verir və müvafiq qərar çıxarır.

2.5. Rektorun tapşırıq və göstərişləri ilə digər vəzifələri yerinə yetirir.

3. Elmi-Metodik Şuranın hüquqları

3.1. EMŞ öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara mailkdir:

3.2. Öz səlahiyyətləri daxilində MDU-nun struktur bölmələrindən zəruri məlumatlar almaq.

3.3. Zəruri olduqda müzakirə üçün EMŞ-ə təqdim olunan elmi və tədris-metodiki vəsaitlərin müəlliflərini və müəlliflərin çalışdıqları struktur bölmə rəhbərlərini iclaslara dəvət etmək.

3.4. Zəruri olduqda müzakirə üçün EMŞ-ə təqdim olunan elmi və tədris-metodiki vəsaitlər haqqında rəy bildirmək üçün EMŞ üzvü olmayan, müvafiq sahə üzrə elmi dərəcəsi və səlahiyyəti olan şəxslərə göndərmək.

3.5. EMŞ-nin qərarlarını rektora təqdim etmək.

3.6. Rektor tərəfindən müəyyənləşdirilmiş digər hüquqları həyata keçirmək.

4. Elmi-Metodik Şuranın idarə olunması

4.1. EMŞ-nə onun sədri rəhbərlik edir.

4.2. Elmi-Metodik Şuranın sədri iclasları keçirir, Elmi-Metodik Şuranın işini koordinasiya edir, iclas materiallarının hazırlanmasına nəzarət edir.

4.3. EMŞ-nin katibi EMŞ-nin bütün sənədləşdirmə işlərini aparır, iclasların protokollarını tərtib edir.

4.4. EMŞ-nin qəbul etdiyi qərarlar elmi və pedaqoji cəhətdən əsaslandırılır və tövsiyə xarakteri daşıyır.

4.5. EMŞ-nin iclaslarının protokolları rəsmi sənəddir. Protokollar sədr və katib tərəfindən 5 (beş) il müddətində saxlanılır.

4.6. EMŞ-nin iclası üzvlərin azı 2/3-si iştirak etdikdə səlahiyyətli sayılır.

4.7. EMŞ-nin qərarları gizli və ya açıq səsvermə ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.  

5. Elmi-Metodik Şuranın fəaliyyətinin təşkili

5.1. EMŞ-nin səlahiyyət müddəti 5 (beş) ildir. Zərurət yarandıqda sədr, katib və tərkib vaxtından əvvəl rektorun əmri ilə dəyişdirilə bilər.

5.2. EMŞ öz fəaliyyətinə dair qərar və rektor qarşısında məsələ qaldıra bilər.

5.3. EMŞ üzvü ardıcıl olaraq 3 (üç) iclasda üzrsüz səbəbdən iştirak etməzsə, tərkibdən çıxarılır və bu haqda sədr tərəfindən rektora təqdimat verilir.

5.4. EMŞ-nin ləğv edilməsi və yenidən təşkili rektorun əmri ilə həyata keçirilir.